Bu tip evlər əsasən bölgələrdə kirayə və turizm məqsədilə istifadə olunur. Yığcam və hotel konseptinə uyğun quruluşu onları qonaq evi kimi daha funksional və səmərəli edir.
Tikinti məsələləri üzrə ekspert Şaiq Hüseynlinin sözlərinə görə, “A-Frame” evlər daha çox daimi yaşayış üçün yox, qonaqların yerləşdirilməsi və turizm fəaliyyəti üçün nəzərdə tutulur.
Ekspert bildirib ki, tikinti texnologiyasına düzgün əməl edildikdə və istilik izolyasiyası keyfiyyətli şəkildə həyata keçirildikdə “A-Frame” evlər həm yay, həm də qış aylarında rahat istifadə oluna bilər. Belə evlər isti və soyuq hava şəraitinə qarşı yüksək dayanıqlılıq göstərir.
“A-Frame” evlərin tikinti qiyməti orta hesabla hər kvadratmetr üçün 540–610 manat arasında dəyişir. Ümumi sahənin hesablanması isə evin konstruksiyasından və mərtəbələrin ölçüsündən asılıdır.
Məsələn, birinci mərtəbəsi 56 kvadratmetr olan “A-Frame” evdə ikinci mərtəbənin sahəsi konstruksiyanın yuxarıya doğru daralması səbəbindən birinci mərtəbənin təxminən 50–60 faizini təşkil edir. Bu halda ikinci mərtəbənin sahəsi təxminən 33 kvadratmetr, evin ümumi sahəsi isə 89 kvadratmetr olur.
89 kvadratmetr sahənin hər kvadratmetri 610 manatla hesablandıqda tikinti dəyəri təxminən 54 290 manat təşkil edir. Beləliklə, bir “A-Frame” evin tikintisi orta hesabla 50–55 min manata başa gələ bilər.